UEFA Çempionlar Liqası, daha sonra Avroliqada mübarizəni dayandıran “Neftçi” bu gün Konfrans Liqasında pley-off matçına çıxır. Komandamız mərhələnin ilk oyununda İsrailin “Makkabi” Hayfa klubu qəbul edəcək. Oyundan əvvəl təşkil olunan ənənəvi mətbuat konfransında baş məşqçisi Samir Abasov güclü rəqibə qarşı oynayacalarını deyib. Abasov komandadakı mövcud vəziyyətdən danışıb: "oyunun gərginliyindən danışmaq artıqdır. Avrokuboklarda yolumuza davam etmək üçün son şansımızdır. Bütün bacardığımızı meydana qoymalıyıq. Gizlətmirəm ki, yaxşı nəticə haqda fikirləşirik. Çox çətin rəqibdir. Bu mövsüm oynadığımız rəqibləri müqayisə etsək, “Makkabi” əvvəlkilərdən daha təhlükəlidir. Həddən artıq təhlükəli oyunçuları var. Onlara qarşı mübarizə aparmaq çətin olacaq. Ancaq buna hazırıq".

“Makkabi”nin baş məşqçisi Barak Baxar da ehtiyyatlı danışıb. O, “Neftçi" ilə oyunda işlərinin asan olmayacağını deyib: "Fikrimcə, bizi çox çətin oyun gözləyir. Bu, pley-off mərhələsidir. Burada adi oyun olmur. Evdə çox yaxşı mübarizə aparan komandaya qarşı oynayacağıq. Ona görə də işimiz asan olmayacaq. Görüşə tam hazırıq. "Neftçi"nin heyətində həm istedadlı, həm də liderlik keyfiyyətlərinə malik futbolçular var. Bu da rəqibi daha güclü edir.

Qeyd edək ki, “Baksell” Arenada keçiriləcək “Neftçi” – “Makkabi” qarşılaşması bu gün saat 21-də keçiriləcək. Görüşü Aleksandr Stavrevin başçılığı altında makedoniyalı hakimlər briqadası idarə edəcək.